26 may tarixindən etibarən peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılır. Xatırladaq ki, cari tədris ilinin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilmiş və MİQ test imtahanı nəticələrinə əsasən müvafiq namizədlər peşə təhsil müəssisələrində vakansiyalar üzrə yerləşdirilmişdir. Lakin sözügedən müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkili pandemiya ilə əlaqədar baş tutmamışdır.
İki gün davam edəcək müsahibədə müvafiq fənlər üzrə ümumilikdə 32 ümumtəhsil fənn müəllimi iştirak edəcəkdir. Müsahibəyə qatılacaq müəllimlərin seçimi zamanı peşə təhsil müəssisələrində cari tədris ili üzrə tədris fəaliyyətinin qiymətləndirilməsi və MİQ balı əsas götürüləcəkdir.
Müddətsiz müqavilə ilə daimiləşmək üçün həyata keçirilən sözügedən mərhələ üzrə Müsahibə Komissiyası yaradılmışdır. Komissiya tərkibi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsil müəssisələrinin rəhbərləri, hər bir ümumtəhsil fənni üzrə mütəxəssis və psixoloqdan ibarətdir.
Müsahibə onlayn formatda təşkil edilməkdədir. Qeyd edək ki, cari mərhələyə dəvətli olan iştirakçılar öncədən müsahibə vaxtları barədə məlumatlandırılıb. Seçim zamanı Müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi və müsahibədə uğur qazanmış müəllimlər ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsi bağlanılması nəzərdə tutulur.