Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində 19 fevral 2018-ci il tarixində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” qrant layihəsinin başlanılması münasibətilə görüş keçirilmişdir. Görüşdə Avropa İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Təhsil Nazirliyinin, o cümlədən Agentliyin nümayəndələri iştirak etmiş, layihə müddətində görüləcək işlər barədə müzakirələr aparmışlar.
Layihə çərçivəsində Qəbələ, Qax və İsmayıllı şəhərlərində yerləşən peşə təhsil mərkəzlərində dual peşə təhsili sisteminin tətbiq edilməsi, turizm və kənd-təsərrüfatı sahəsində beynəlxalq standartlara cavab verən yeni təhsil proqramları (kurikulumların) və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin təlimlərə cəlb edilməsi, habelə yeni mərkəzin lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur.
Layihənin icra müddəti 2017-2020 illəri əhatə edir.