Ötən gün teledərslərin hazırlanması prosesində iştirak edən peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti və özəl sektor nümayəndələri ilə birgə onlayn görüş keçirilib. Görüşün əsas məqsədi pandemiya dövründə teledərslərin ərsəyə gəlməsi prosesində yaxından iştirak etmiş, töhfə vermiş nümayəndələrin təltif olunması olub.
Görüşdə təhsil pilləsində tədrisin fasiləsizliyinin təmin olunmasını, həmçinin distant (məsafədən) tədris prosesinin təşkilində rol oynayan əsas dəstəkləyici alət – teledərslərin əhəmiyyəti və bu çərçivədə görülmüş işlər barəsində məlumat verilib. Daha sonra müəllim və özəl sektor mütəxəssisləri öz fikir və təklifləri ilə bölüşüb. Yekunda dərslərin hazırlanması prosesinə dəstək verənlərin təltifetmə mərasimi baş tutub.
Qeyd edək ki, teledərslərin çəkilişinə 2020-ci ilin mart ayından başlanılmışdır. 2020/2021-ci tədris ilində 31 ixtisas və 8 baza modulu üzrə 212 nəzəri və 161 praktiki olmaqla, ümumilikdə 373 dərs çəkilmişdir. Teledərslərin çəkiliş prosesinə ümumilikdə 51 şəxs olmaqla, peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti ilə yanaşı özəl sektordan olan mütəxəssislər də cəlb olunmuşdur.