Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə həyata keçirilən “Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı “Di Vine Consulting” MMC ilə əməkdaşlığa dair müqavilə imzalayıb. Müqaviləyə əsasən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan 14 nəfər tələbə “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) müəssisəsində təşkil edilmiş istehsalat təcrübəsində Di Vine Consulting MMC-nin yerli və xarici mütəxəssislərinin nəzarəti və rəhbərliyi altında təcrübə qazanmaq imkanı əldə ediblər. Tələbənin “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən təlim proqramı praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin edir.
Əldə olunan razılaşmaya əsasən mərkəzin tələbələrinin təcrübə keçmələri üçün müəssisə tərəfindən 2 ha təcrübə sahəsi ayrılıb. Təlim çərçivəsində ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən İsmayıllıda yerləşən təcrübə sahəsinə baxış həyata keçirilib və tələbələr ilə görüş təşkil olunub. Hal-hazırda karantin qaydalarına tam əməl olunmaqla Mərkəzin tələbələri praktik təcrübələrini davam etdirirlər.
Qeyd edək ki, tələbələr “Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı tərəfindən gündəlik qida, nəqliyyat ilə təmin olunurlar və təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alırlar. 13 Aprel 2021-ci il tarixindən başlayan təcrübə proqramı iyun ayının sonuna qədər davam edəcək. Təcrübə proqramının sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.
Məlumat üçün bildiririk ki, “Üzüm və şərab ustası” ixtisası İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 2018-ci ildən tədris olunur və “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində duala bənzər PTT yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.