Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun I mərhələsinin nəticələri elan edilib
29
04 2021
news image

     Ötən gün peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə müraciət edənlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Emal zamanı elektron ərizələrin düzgünlüyü, daxil edilən təsdiqedici sənədlərin həqiqiliyi, həmçinin müraciətçinin seçdiyi vakansiyanın təhsil və iş təcrübəsi tələbinə cavab verməsi əsas götürülüb. Elektron müraciətləri qaydasında olan 257 nəfər imtahan mərhələsinə keçid imkanı əldə edib. Nəticələr müraciətçilərin şəxsi kabinetlərində yer alıb və həmçinin mesaj vasitəsilə qeydiyyat nömrələrinə təqdim edilib.

     Müsabiqənin növbəti test imtahan mərhələsi 2 may tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəkdir. İkinci mərhələdə iştirak etmək hüququ qazanan namizədlər binaya şəxsiyyət vəsiqələri ilə birlikdə imtahan başlamazdan 1 saat öncə yaxınlaşmalıdırlar. İmtahan mərhələsində namizədlərdən 90 dəqiqə ərzində 60 suala cavab vermək tələb olunacaq. Həmçinin nəzərə alınmalıdır ki, imtahana mobil cihazla daxil olmaq qadağandır. Sözügedən mərhələyə dair məlumatlar namizədlərin şəxsi kabinetlərində də yer almaqdadır.

     Qeyd edək ki, direktor müavinlərinin işə qəbulunun II mərhələsi  pandemiya qaydalarına tam əməl olunaraq təşkil ediləcəkdir.

    Xatırladaq ki, peşə təhsili müsəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün 14-21 aprel tarixləri müddətində Respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Bir yer üçün ortalama 26 nəfər, Bakı şəhəri üzrə 111 nəfər, regionlar üzrə 14 nəfər müraciət qeydə alınıb. Müraciət edənlərdən 221 nəfər kişi, 195 nəfər qadındır. 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.