Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir
27
04 2021
news image

     Peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanılmışdır. Növbəti tədris ilində də peşə təhsili üzrə dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulub. Dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılmışdır.

     “Geyim üzrə dizayner”, “Dərzi”, “Tikiş maşınlarının operatoru, tikişçi”, “Turizm təşkilatçısı”, Turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə, ümumilikdə  31 ədəd modul dərs vəsaitləri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilmişdir. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və  xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür.  Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklər üzrə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.

      Qeyd edək ki, ictimai müzakirəyə çıxarılmış dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilmişdir.

      Peşə Təhsili üzrə Dövlət Agentliyi  elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.