Azərbaycan Respublikasında ali təhsil və peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" mövzusunda virtual seminar keçirilib
23
04 2021
news image

      21-22 aprel 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan "Azərbaycan Respublikasında ali təhsil və peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" mövzusunda virtual seminar keçirilib.  

      Seminarın əsas məqsədi ölkədə dayanıqlı inkişafa dəstək olaraq seminar iştirakçılarının peşə təhsili və  ali təhsildə prioritet ixtisaslar - kənd təsərrüfatı, turizm, neft-qaz, mədən sənayesi üzrə təhsili və təliminə dair yeni istiqamətləri müəyyən etmək üçün müvafiq biliklərin əldə edilməsi potensialının gücləndirilməsidir. Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə peşə təhsili sahəsinə dair islahatları əhatə edən təşəbbüslərdən irəli gəlir.

      Seminarın xüsusi məqsədi Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasının təşviqi üzrə peşə təhsili və təlimi (PTT) istiqamətlərinin yenidən müəyyənləşdirilməsi zamanı yeni imkanların aşkarlanması məqsədilə əsas maraqlı tərəflər arasında çoxsahəli dialoqun təşkili, dayanıqlı inkişaf naminə təhsil standartlarının peşə təhsili və təliminə inteqrasiyası və təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyaların inkişafı mexanizmlərini müzakirə etməkdir.

      Kənd təsərrüsfatı, turizm, neft-qaz və mədən sənayesini əhatə edən seminarda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Ləkəran Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin mühəndis-peqadoji heyəti iştirak edib.