WorldSkills Azerbaijan platforması 14-25 yaşlı yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə “Fantaziyanı biç, çantaya çevir” adlı müsabiqə elan edir. Müsabiqənin məqsədi dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarətdir. Müsabiqəçilər nəzərdə tutulan şərtlərə əməl etməklə eko çanta hazırlayıb əl işlərini təhvil verməlidirlər. İki mərhələli qiymətləndirilmə prosesindən ibarət müsabiqəyə qəbul olunmuş əl işləri ilkin olaraq, WorldSkills Azerbaijan platformasının Facebook səhifəsində yerləşdirilərək, ictimai səsverməyə çıxarılacaq və daha sonra peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
Münsiflər heyətinin tərkibi Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” geyim brendinin yaradıcısı, modelyer-dizayner Gülnarə Xəlilova, modelyer-rəssam, “Libas” moda evinin həmtəsisçisi Zemfira Cəfərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müdiri, rəssam-dizayner Nazim Yunusov, WorldSkills Azerbaijan platformasının Texniki nümayəndəsi Ceyran Məmmədli və Sinteks şirkətinin marketinq direktoru Ceyla Hüseynzadədən ibarətdir. Müsabiqədə qalib gələn şəxslər pul mükafatı, eləcə də müsabiqənin sponsoru Sinteks şirkəti tərəfindən hədiyyə kartları və sözügedən şirkətdə təcrübə imkanı qazanacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə daxil olmağınız xahiş olunur.
Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.