Azərbaycanda bacarıq yarışlarının təşkilinə dəstək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
16
04 2021
news image

      Peşə Təhsili üzrə Dövlət Agentliyi bacarıq yarışlarının təşkili üçün milli potensialın inkişaf etdirilməsi sahəsində Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə Anlaşma memorandumu imzalayıb. Memorandum çərçivəsində bacarıq yarışlarının keçirilməsi üçün mütəxəssis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakı və təcrübə mübadiləsi aparması nəzərdə tutur. Bununla yanaşı, koreyalı mütəxəssislər azərbaycanlı gənc müsabiqəçilərin WorldSkills International təşkilatı tərəfindən təşkil olunan “Shanghai2022” bacarıq olimpiyadasına hazırlıq prosesinə də dəstək verəcəklər.

      COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil edilən tədbirdə Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu, Koreya İdxal-İxrac Bankı, HRD Korea, KT təşkilatları, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, WorldSkills Azerbaijan layihə komandası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və eləcə də bir sıra sahə mütəxəssisləri iştirak edib.

      Tədbirdə çıxış edən PTDA-nın direktoru Pərviz Yusifov imzalanan Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib və bacarıq yarışlarının dolayı yolla Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməsi istiqamətində töhfə verəcəyini vurğulayıb. Bu istiqamətdə iki təşkilat arasında imzalanan əməkdaşlıq sənəd Azərbaycanda bacarıq yarışlarının keçirilməsi, WorldSkills standartlarının təhsildə tətbiqi və beynəlxalq bacarıq yarışlarına hazırlıq istiqamətində həyata keçirilən işlərə dəstək olacaqdır.

      Qeyd edək ki, tədbir zamanı həmçinin, Azərbaycan və Koreya Hökumətləri ilə birgə icra edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi layihəsi üzrə uğurlu əməkdaşlıq geniş müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində icra edilən işlər üzrə əldə edilən nəticələr müvafiq təşkilatların məsul şəxsləri tərəfindən tədbir iştirakçılarına təqdim edilib.