WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti oriyentasiya və təlim proqramında iştirak edib
18
03 2021
news image

       16 mart tarixindən etibarən WorldSkills International (WSI) təşkilatına üzvlük çərçivəsində WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti ilə rəsmi oriyentasiya və təlim proqramına start verilib. Üç gün davam edəcək proqramda Azərbaycanın WSI təşkilatındakı rəsmi nümayəndəsi, texniki nümayəndəsi və texniki nümayəndənin köməkçisi iştirak edib. Proqram zamanı iştirakçılara WSI təşkilatının strukturu və məqsədləri, nümayəndə heyətinin rollarına görə vəzifələri və beynəlxalq bacarıq olimpiyadalarının təşkil olunma prosesi haqqında məlumat verilib.

      Qeyd edək ki,  WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. WorldSkills hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir.

       Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır. Növbəti bacarıq olimpiyadası 2022-ci ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın həmin yarışlarda üç bacarıq istiqaməti üzrə təmsil olunması nəzərdə tutulub.