Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramına başlayır
10
03 2021
news image

        Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi gələcək peşə təhsili menecerləri üçün yeni təlim proqramını elan edir.

        “Peşə təhsilində Liderlik və İdarəetmə” proqramı 2021-ci ilin martından iyun ayına qədər davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə müraciət etmək imkanı qazanacaqlar.

        Təlim proqramı liderlik, strateji planlaşdırma və idarəetmə, monitorinq və qiymətləndirmə prosesləri, keyfiyyət təminatı sistemləri, maliyyə və inzibati idarəetmə, peşə təhsili sahəsində mövcud qanunvericilik və strateji sənədlərlə iş daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.

        Proqrama müraciət etmək istəyən namizədlərin pedaqogika yaxud idarəetmə sahələrində ali təhsil dərəcəsi, peşə təhsili sahəsində beş il iş təcrübəsi, eləcə də Azərbaycan dili və orta səviyyədə ingilis dili biliklərinin olması vacibdir.

        Müraciət etmək üçün namizədlər 26 mart 2021-ci il tarixinədək keçiddəki formanı tamamlayıb təqdim etməlidirlər: bit.ly/3eq8PRB  

        Seçim prosesi ərizə və müsahibə daxil olmaqla iki mərhələdə baş tutacaq. Təlim proqramı 2 ay ərzində əyani və distant formada təşkil edilən sessiyalarla davam edəcək. Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikat alacaqlar.

        Peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaqdır.