Ötən gün WorldSkills Azerbaijan (WSA) platformasının nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitenin rəhbər və müəllim heyəti arasında görüş keçirilib.
Görüş zamanı WorldSkills hərəkatının məqsəd və vəzifələri, Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, habelə, hər iki qurumun ortaq məqsədlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sözügedən görüşdə “Shanghai 2022” bacarıqlar olimpiyadası, ‘’WorldSkills Asia” beynəlxalq yarışlarına hazırlıq məqsədilə İKT sahəsi üzrə üç bacarıq istiqaməti – Şəbəkə Administratorluğu, Kiber Təhlükəsizlik və Veb Texnologiylar üzrə mütəxəssis bazasının yaradılması üçün növbəti addımlar müəyyən edilib.
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli WorldSkills peşə bacarıqları yarışlarına müsabiqəçilərin yetişdirilməsinin ölkədəki kadr çatışmazlığı probleminə gələcəkdə müsbət təsir edəcəyini bildiriblər. Məhsuldar müzakirələrin sonunda universitet rəsmiləri qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını və işbirliyinin təhsil sisteminin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Qeyd edək ki, WSA peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. WorldSkills hərəkatına qoşulmaqla Azərbaycan bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirir, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.