Ötən gündən etibarən Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayevin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun cənub regionuna səfəri baş tutmaqdadır. Rəsmilər ilk öncə Cəlilabad rayonunda inşasına başlanılan Cəlilabad Peşə Təhsil Mərkəzində həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin səfər çərçivəsində regionun kadr hazırlığında xüsusi çəkisi olacaq Mərkəzin tələbə və müəllim kollektivi ilə görüş keçirilib. Görüş zamanı son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin vacibliyi vurğulanıb.
Regiona səfər zamanı həmçinin Lənkəran Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Natiq İbrahimov ilə də görüş keçirib. Universitetin maddi-texniki bazası ilə tanış olan rəsmilər tədris prosesinin optimal təşkili məqsədilə birgə istifadə imkanlarını da müzakirə ediblər. Görüş zamanı toxunulan digər istiqamət yüksək texniki peşə təhsili alacaq tələbələrin növbəti mərhələdə regionda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdən ibarət olub.
Səfər regionda fəaliyyət göstərən işəgötürənlərlə görüş ilə yekunlaşıb. Qeyd edək ki, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi imkanları və bu yöndə kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətləri görüşün əsas müzakirə mövzusu olub.