Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb. Memoranduma əsasən tərəflər arasında peşə təhsili sahəsində mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması və tədrisin təşkili istiqamətində, həmçinin “BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində birgə əməkdaşlığa başlanılıb.
Əməkdaşlığın əsas məqsədi peşə təhsil müəssisələrində tələbə təlimini praktiki formada və iş şəraitinə ən uyğun şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini artırmaq, proqram məzunlarının işəgötürülmə imkanlarını genişləndirməkdir.
“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində pilot layihə olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “BAZARSTORE” MMC Supermarketlər şəbəkəsi ilə “Satıcı – Kassir” ixtisası üzrə qısa müddətli, ödənişsiz hazırlıq təlimi təşkil edilməsi nəzərdə tutulub. Tələbənin real işdə “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin peşə təhsili müəssisəsində, praktiki biliklərin, bacarıq və səriştənin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə edilməsini təmin edir.
“BACARIQLI OL” Usta yanında öyrənmə proqramına 2021-ci il mart ayında start veriləcəkdir. Proqrama peşə təhsili müəssisələrinin tələbələri və “Satıcı – kassir” ixtisası üzrə təlim və təcrübə keçmək istəyən gənclər qatıla bilərlər. Proqrama sənəd qəbulunun yaxın zamanda elan edilməsi nəzərdə tutulur.