“WorldSkills Azerbaijan’’ ADNSU ilə görüş keçirib.
05
02 2021
news image

        Ötən həftə WorldSkills Azerbaijan (WSA) platformasının nümayəndə heyəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbər heyəti arasında görüş keçirilib. “WorldSkills” hərəkatının məqsədləri və ölkədə bacarıqların inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub.

        Görüş zamanı Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, habelə, hər iki qurumun ortaq məqsədlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sözügedən görüşdə İKT sahəsi üzrə üç bacarıq istiqaməti – Şəbəkə Administratorluğu, Kiber Təhlükəsizlik və Veb Texnologiylar üzrə mütəxəssis bazasının yaradılması üçün növbəti addımlar müəyyən edilib.

        Tədris işləri üzrə prorektor Qasım Məmmədov və “EAZİ” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov adıçəkilən bacarıqlar üzrə “WorldSkills” peşə bacarıqları yarışlarına müsabiqəçilərin yetişdirilməsinin ölkədəki kadr çatışmazlığı probleminə gələcəkdə müsbət təsir edəcəyini bildiriblər.

        Məhsuldar müzakirələrin sonunda Universitet rəsmiləri qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını və işbirliyinin təhsil sisteminin inkişafına töhfə verəcəyini vurğulayıblar.

        Qeyd edək ki,  WSA peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. WorldSkills hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.