Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan məzunumuz
03
02 2021
news image

          Ötən gün İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 2018/2019-cu tədris ilində “Aşpaz” ixtisası üzrə məzunu olmuş Naim İsgəndərov Azərbaycan Gəncləri Günü  münasibətilə təltif olunan məzunlarımız arasında yer alıb.

         Onun peşə təhsilini karyera olaraq seçməyinin səbəbi uşaqlıq arzusunu həyata keçirmək –“Aşpaz” sənətinin incəliklərinə yiyələnmək olub. İlk addımlarını 2018-ci ildə keçirilən “Kulinariya üzrə Peşə təhsili müəssisələri tələbələrinin II Respublika çempionatı” müsabiqəsində 1 qızıl və 1 bürünc medalını qazanmaqla atıb. Eyni zamanda, o, təhsildə qazandığı  müvəffəqiyyətlərinə  və ictimai işlərdə fəal iştirakına görə Fəxri Fərmana layiq görülüb.

         Naim İsgəndərov gənc kulinar və uğurlu məzun olaraq beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib. 26-31 may 2019-cu ildə ÇXR-da keçirilən “The Belt and Road İnternational Skills Competiton Chongqing” yarışmasının iştirakçısı olub. Həmin ildə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “I Dünya İslam Kulinariya Konqresi” və “Dünya İslam Kulinariya Təşkilatının II konfransı” çərçivəsində “II İslam Kulinariya Çempionatı”nda 2 qızıl və 1 gümüş medalın sahibi olub. Növbəti uğuru isə İstanbulda “Dünya Halal Sammiti” çərçivəsində Beynəlxalq Aşpazlar Müsabiqəsində əldə edib. Ölkəmizi uğurla təmsil edən,  Naim İsgəndərov 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib olub. 2020--ci ildə Çeçenistanın, Qroznı şəhərində keçirilən “HONK-FEST” Kulinariya çempionatında 1-ci yerin qalibi elan olunub.

         Məzunumuz Vətən müharibəsi zamanı da aşpaz olaraq cəbhədə xidmət edib,  hazırda baş aşpaz qismində çalışır və kiçik sahibkarlıqla məşğul olur. Karyerasında qarşısına qoyduğu məqsəd isə beynəlxalq miqyaslı restoranlar şəbəkəsi yaratmaq və milli kulinariyamızı təbliğ etməkdir. O, Azərbaycan Milli Kulinariya Assosiasiyasının, Dünya İslam Aşpazlar Komitəsinin Azərbaycan üzrə Komissiyasının, Azərbaycan Qazi Aşpazlar Assosiasiyasının və Şimali Qafqaz Usta Aşpazlar Gildiyasının üzvüdür.

         Qeyd edək ki, Naim İsgəndərov 2020-ci ildə uğurlu fəaliyyətinə görə 2 fevral  Azərbaycan Gənclər Günü  münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunub. Məzunumuzu təbrik edir və ona gələcək işlərində uğurlar arzulayırıq.