Ötən dövrdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlığın əsas məqsədi Mərkəzin təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsi prosesinə dəstək verməkdən ibarətdir. Ölkədə sənayenin tələblərinə cavab verən keyfiyyətli əmək qüvvəsinin hazırlanması istiqamətində əməkdaşlıq edəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir. Əldə olunmuş razılığa əsasən “İnşaat”, “Sənayedə quraşdırma” və “Elektrotexnika” istiqamətləri üzrə birgə fəaliyyətlər nəzərdə tutulub. Həmçinin, memorandum çərçivəsində razılaşdırılmış 3 istiqamət üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, eləcə də şirkət nümayəndələri tərəfindən Mərkəzdə ixtisasartırma və təkmilləşdirmə kurslarından yararlanması nəzərdə tutulur.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində razılaşdırılmış istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, habelə təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş şəxslərin işlə təmin olunması nəzərdə tutulub.