Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları ixtisasını bitirən Seyran Səmədov, bu ixtisasın onun sevdiyi istiqamət üzrə iş həyatını qurmaqda böyük rolu olduğunu bildirir.
Seyran müəllim təhsil sahəsindəki fəaliyyətinə 2006-cı ildən Təhsil Texnologiyaları Mərkəzində başlayıb. 2010-cu ildən etibarən fəaliyyətini Təhsil Problemləri İnstitutunda davam etdirən Seyran müəllim eyni zamanda, 1 nömrəli Bakı peşə məktəbində “İKT” fənn müəllimi olaraq çalışıb.
Daim öz üzərində çalışmağı sevən Seyran müəllim çoxsaylı təlimlərə qatılıb. Sözügedən təlimlər arasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İlk peşə ixtisas təhsili sistemində liderlik və idarəetmə”, Britaniya Şurasının və Azercell-in təşkilatçılığı ilə təşkil edilən “Rəqəmsal alətlərin tətbiqi”, “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimləri də yer almaqdadır.
Seyran insanın qarşısına qoyduğu məqsəd doğru olduğu təqdirdə, mütləq ona nail olacağını qeyd edir, daim yeniliklərlə maraqlanır və peşə təhsilində fərqli bir yeniliyə imza atmaq məqsədilə hazırda yeni bir layihə üzərində çalışır.
Qeyd edək ki, Seyran Səmədov 2020/2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə müəllimlərin işə qəbulu prosesinə qatılmış və yüksək nəticə göstərən namizədlər sırasında yer almışdır. Hazırda, Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası olaraq fəaliyyət göstərir.