İxtisasının sirlərini peşə təhsil müəssisəsinin tələbələri ilə paylaşan Firəngiz Məmmədovanın hekayəsi
14
01 2021
news image

       Keçmişə nəzər saldıqda bir zamanlar utancaq, çəkingən olan bir müəllimin uğur hekayəsi sıradan görünsə də, bu həyat pilləsinə gəlib çatmaq üçün keçdiyi keşməkeşli və o cümlədən, maraqlı bir həyat təcrübəsi vardır.

       Bakalavr təhsilini aldığı müddətdə “Azərbaycan Tələbə Gənclər Təşkilatı”na üzv olan Firəngiz Məmmədova bu təşkilatın həyata keçirtdiyi tədbirlərdə daim iştirak edərək təşkilatın fəal üzvlərindən birinə çevrilir. Təşkilatın nəzdində ingilis dili üzrə danışıq klubunu yaradan Firəngiz ilk müəlliməlik təcrübəsini qazanmış olur. Könüllülük fəaliyyəti zamanı təkcə bilik və bacarıqlar deyil, həm də özündə bir sıra keyfiyyətləri kəşf edir, yeni dostlar qazanır. Beynəlxalq tədbirlərin təşkilində könüllü qismində iştirak etmək üçün müraciət edən Firəngiz qısa bir zaman çərçivəsində bir sıra tədbirlərin (bunlara misal olaraq “Avropa Gənclər Olimpiya Oyunları 2014”; “Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum”; “Asiya İnkişaf Bankının 48-ci illik toplantısı”; “Bakı Avropa Oyunları”nı göstərmək olar) təşkilatında rol alaraq sertifikat və təşəkkürnamələr ilə təltif olunur.

       Magistr təhsilini aldığı illərdə Firəngiz eyni zamanda özəl kursların birində müəllimə kimi fəaliyyət göstərərək, müxtəlif yaş qruplu tələbələrə xarici dili tədris edərək, onların sevimli müəllimələrinə çevrilib hörmətini qazanır. Müəllimlik sahəsində özünü kəşf edən Firəngiz ötən dövrlərdə əldə etdiyi təcrübəni də diqqətə alaraq, bu sahə üzrə karyerasını qurmağa qərara verir.

       18 nömrəli Bakı peşə liseyində müəllim kimi fəaliyyətə başlayan Firəngiz mövcud pandemiya şəraitində müasir texnologiyanın verdiyi imkanlardan istifadə edərək peşə təhsili üzrə təhsil alan tələbələrə təhsil aldıqları ixtisas üzrə dərin və lazımi biliklərə yiyələndirən dərs proqramını tədris edir.

       Karyerasını təhsil sahəsində davam etdirməyə qərar verən Firəngiz növbəti mərhələlərdə karyerasında yüksəliş əldə etmək üçün bir sıra xarici və yerli təhsil konfranslarında, təlimlərində, seminarlarında iştirak etməyi və öyrənəcəyi yeni bilikləri tədris zamanı tətbiq etməyi məqsəd kimi qarşısına qoymuşdur.

       Qeyd edək ki, Firəngiz 2020/2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə müəllimlərin işə qəbulu prosesinə qatılmış və yüksək nəticə göstərən namizədlər arasında yer almış və hazırda 18 nömrəli Bakı Peşə Liseyində Tədbirlərin Təşkilatçısı ixtisası üzrə müəllim işləyir.