Mingəçevir Peşə Məktəbi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində “ Mingəçevir Peşə Məktəbində Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin icrasına başlanılıb. Mingəçevir Peşə Məktəbində 5 nəfər tərkibdən ibarət ictimai əsaslarla fəaliyyət göstərəcək Karyera Mərkəzinin işçi heyəti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil edilən “Təlimçilər üçün Təlim” sessiyalarında uğurla iştirak edərək sertifikatla təltif edilib. Layihə çərçivəsində peşə təhsil müəssisəsinin maddi-texniki baza və avadanlıqlarla təmin edilməsi və müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub.
Karyera Mərkəzinin əsas fəaliyyət istiqamətləri karyera seçimi, işəgötürənlərlə əlaqələrin gücləndirilməsi, tələbələrin əmək bazarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ömürboyu öyrənmə və karyera inkişafında dəstək göstərilməsindən ibarətdir.
Layihənin ilkin mərhələsində “Career Guide” şirkəti tərəfindən məktəbin kadr potensialı və mövcud vəziyyətinin dəyərləndirilməsi üçün ehtiyacların qiymətləndirilməsi üzrə işləri aparılıb. Növbəti mərhələdə isə Mingəçevir Peşə Məktəbinin Karyera Mərkəzinin gələcək heyət üzvlərinin potensialının inkişaf etdirilməsi, karyera bələdçiliyi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramının tərtib edilməsi, həmin proqram üzrə online formatda təlimlərin keçirilməsi planlaşdırılır.
Eyni zamanda, “Karyera Mərkəzinin 2021-2022-ci illər üzrə Strategiyası” layihəsinin hazırlanması, layihə müddətində və sözügedən strategiyanın reallaşdırılması dövründə Karyera Mərkəzinin işçi heyətinə konsaltinq dəstəyinin göstərilməsi, “Karyera məsləhətçisi” kitabçasının hazırlanması, monitorinq və qiymətləndirmə işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edilir ki, “Mingəçevir Peşə Məktəbində Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi GIZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC) proqramı çərçivəsində həyata keçirilir. Sözügedən istiqamətdə həyata keçirilən işlərin bir neçə pilot peşə təhsil müəssisəsi üzrə də davam etdirilməsi planlaşdırılır.