Azərbaycanın əmək bazarı, getdikcə şaxələnən və rəqəmsallaşan iqtisadiyyata uyğun olaraq sürətlə dəyişir və heç kəsi kənarda qoymayaraq gənclərin yeni imkanlardan faydalanmasını təmin etmək üçün yeni növ təlim və bacarıqlar əldə edilməsinə çağırır.
Azərbaycan gəncliyini gələcək peşələrə və əmək bazarlarının dəyişən mənzərəsinə uyğunlaşmağa hazırlanması məqsədilə, peşə təhsili və təliminin müasirləşdirilməsi və sərmayələşdirilməsi Hökumətin, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının strateji baxışının mərkəzindədir.
Artıq üç ildir ki, əmək bazarının tələb etdiyi bacarıqlar istiqamətində peşə təhsili vasitəsilə inklüziv öyrənmə imkanlarının yaradılmasına kömək məqsədilə birgə çalışırıq.
Bu cür tədrisin tətbiqi, ölkə iqtisadiyyatının müasirləşdirilməsi və şaxələndirilməsi, həmçinin yeni yaranan sənaye sahələrinin inkişafı və gələcək tələblərə cavab verməsi, eyni zamanda ənənəvi sahələrin qorunub saxlanılması üçün həlledici rol oynayır.
Bu gün iqtisadiyyatın daha dayanıqlı və çoxşaxəli edilməsi hədəfinə çatmaq üçün bacarıqlı və səriştəli işçi qüvvəsinin mövcudluğu hər zamankından daha vacibdir.
Son araşdırmalar göstərir ki, gələcəkdə hər 10 işdən 6-sı peşə təhsili kvalifikasiyası tələb edəcək.
Yetkinlərin, təxminən 45% -i iş qabiliyyətini artırmaq və bacarıqlarını təkmilləşdirmək potensialına malikdir (pandemiyadan öncə hesablanan göstərici); bu böhran, həm yeni bacarıqların qazanılması, həm də cari bacarıqların inkişafı məsələlərini daha da vacib hala gətirəcək.
Əminik ki, bütün yaş qruplarından olan işçilər üçün səmərəli və əlçatan peşə təlimi sektoru iş yerlərini qoruyub saxlamağa və artırmağa, kadr çatışmazlığının qarşısını almağa və iqtisadiyyatı stimullaşdırmağa kömək etməklə Azərbaycanın rəqəmsal gələcəyə keçid etməsinə yol aça bilər.
Biz, apardığımız strategiya çərçivəsində yüksək keyfiyyətli peşə təhsilinə investisiya qoymaqla hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etməyi və ömürboyu öyrənməni təşviq etməyi nəzərdə tutan Dayanıqlı İnkişaf Məqsədinin (DİM 4) həyata keçirilməsinə öz töhfəmizi veririk.
Ötən üç il ərzində birgə tərəfdaşlığımız sayəsində böyük uğurlara imza atmışıq. Buraya Gəncə və Cəlilabadda yerləşən peşə təhsili müəssisələrinə avadanlıq və infrastrukturun modernləşdirilməsi, layihənin icra olunduğu rayonlarda rəhbər heyətin və pedaqoji kadrların ixtisasının artırılması, informasiya texnologiyaları, proqramlaşdırma və geyim dizaynı kimi sahələrdə yeni tədris proqramlarının və təlim modullarının hazırlanması və qısamüddətli kursların təşkili daxildir.
COVID-19 pandemiyası ilə bağlı görülən tədbirlər çərçivəsində biz əyani formada keçirilən peşə təhsili və təlimi (PTT) kurslarını tədricən teledərslər və onlayn təlimlərlə əvəz etməyə nail olduq.
Biz, həmçinin yerli müəssisələri tədris prosesinə cəlb etməklə məzunların bacarıqlarını təkmilləşdirməyə və onların işlə təmin olunma imkanlarını artırmağa kömək etdik. Bu özəl müəssisələr gələcək məzunlara ilkin təcrübə üçün imkanlar yaradır və təhsillərini başa vurduqdan sonra iş təklif edirlər.
Peşə təhsilinin inklüzivliyinin artırılması istiqamətində əldə olunan digər mühüm nailiyyət ondan ibarətdir ki, son iki tədris ili ərzində Cəlilabad rayonunda peşə təhsili və təliminə cəlb olunan qızların sayı artaraq 10.6 faizə çatıb. Əvvəllər isə bu göstərici 2 faizdən aşağı idi.
Bundan əlavə, qabaqcıl beynəlxalq təcrübələri tətbiq etməklə və peşə təhsilinin ümumi perspektivlərini təkmilləşdirməklə, PTT sisteminin yenidən formalaşdırılması istiqamətində həyata keçirdiyimiz işlər əvvəlki tədris ili ilə müqayisədə peşə təhsilini seçən şəxslərin sayının 27% artmasına gətirib çıxarıb.
Biz bu tendensiyanın davam edəcəyinə inanırıq.
Peşə təhsili və təliminin modernləşdirilməsi strategiyasının səmərəliliyinə nail olmaq üçün kursların yüksək keyfiyyətdə keçirilməsi və əmək bazarının tələblərinə cavab verməsi ilə yanaşı, PTT-nin nüfuzunun artırılması və PTT kvalifikasiyalarının tanınması məsələləri də təşviq edilməlidir.
Məhz buna görə də biz, əhalidə peşə hazırlığı ilə bağlı mövcud yanaşmanı dəyişdirmək üçün bir sıra ictimai maarifləndirmə işlərinə başlamışıq və formal və qeyri-formal təhsilin tanınması və validasiyası üzrə yeni mexanizmlər təqdim etmişik (İlk sertifikatlar bir ay əvvəl təqdim olunub).
Bu il peşə təhsili sektorunun əhəmiyyətli dərəcədə modernləşdirilməsi istiqamətində yeni dörd illik birgə layihə start götürəcək. Layihə çərçivəsində PTT-nin təşviqi məqsədilə həyata keçirilən işlərin miqyası genişlənəcək, peşə təhsili ilə bağlı düşüncəni dəyişmək üçün bütün əsas maraqlı tərəflər bir araya gələcək, təhsil müəssisələrinin müasirləşdirilməsi nəticəsində bütün ölkə üzrə PTT mərkəzlərinin təxminən 5000 şagirdi yeni imkanlardan faydalanacaqdır.
PTT-nin modernləşdirilməsi istiqamətində gördüyümüz işlərin əsas məqsədi hər kəs üçün, xüsusilə də, bu çətin dövrdə gələcəyi sual altında olan şəxslər üçün keyfiyyətli peşə hazırlığı və məşğulluq imkanları yaratmaqla iqtisadiyyatın inklüzivliyini, şəffaflığını və dayanıqlılığını artırmaqdır.
Müəlliflər:
Kəstutis Yankauskas, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Alessandro Frakassetti, BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsi
Pərviz Yusifov, Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru