Memoranduma əsasən, peşə təhsil mərkəzlərinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, əməkdaşların müvafiq sahələrdə bilik və bacarıqlarının artırılması, müxtəlif istiqamətlər üzrə tədris plan və proqramların (kurrikulumların) hazırlanması, istehsalat təcrübəsinin keçirilməsi və təlimlərin təşkili sahələrində əməkdaşlıq etmələri nəzərdə tutulur.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 2020-2021-ci tədris ilində fəaliyyətə başlayan Mərkəz Sənaye Parkının ərazisində yaradılmış ilk peşə təhsili müəssisəsidir və 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. 6 korpusdan ibarət və müasir maddi-texniki baza ilə təchiz olunmuş Peşə Təhsil Mərkəzində 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq vardır.
Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tədris-təcrübə prosesinə cəlb edilib. Bu isə, praktiki dərslərin Sənaye Parkının müəssisələrində keçirilməsinə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən daha səmərəli tədris aparmasına, eləcə də tələbələrin bilavasitə istehsalat sahəsində təcrübə keçərək lazımi praktik biliklərə yiyələnməsinə imkan yaradır.