“Avtomobil” istiqaməti üzrə kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq genişləndirilir
26
11 2020
news image

        Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Avtomobil” istiqaməti üzrə kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq çərçivəsini genişləndirməkdə davam edir. Ötən dövrdə Mərkəz ilə “Avtolüks Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

        Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müvafiq tədbirlər görməkdən ibarətdir. Belə ki, fəaliyyət planında əksini tapan başlıca tədbirlər Mərkəzdə fəaliyyət göstərən 1 illik “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə texniki peşə təhsili  və 3 illik “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə yüksək texniki peşə təhsili alan tələbələr üçün peşəkar hazırlığın təşkilinə dəstək vermək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. 2020-2021-ci tədris  ilindən etibarən peşəkar kadr hazırlığını təmin etmək məqsədilə birgə tədris proqramlarının  hazırlanması və təlimlərin təşkili  nəzərdə tutulur.

        Həmçinin, Ferrari, Lamborghini, Land Rover, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional, Jaguar, Jeep və Abarth kimi məhşur dünya markalarını Azərbaycan istehlakçısına təqdim edən “Avtolüks Azərbaycan” MMC şirkəti tərəfindən Mərkəz təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.

        Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM digər qabaqcıl avtomobil müəssisələri olan Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də əməkdaşlıq etməkdədir.