2021-ci il innovasiya, peşə ixtisaslarının təşviq və təbliği istiqamətinə həsr olunacaq
19
11 2020
news image

      Ötən gün ‘’World Skills International’’ (WSI) təşkilatına üzv ölkələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşə qlobal tərəfdaşlar, üzv ölkələrin nümayəndə heyətləri və digər maraqlı tərəflər olmaqla ümumilikdə 150-yə qədər iştirakçı qatılıb.

      COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan vəziyyət təşkilatın tədbirlər planına da təsirsiz ötüşməyib. İrimiqyaslı tədbirlərin təxirə salınması ilə əlaqədar növbəti 2021-ci ilin tədbirlər planı və gələcək perspektivlər görüşün əsas müzakirə mövzusu olub. Ümumilikdə 2021-ci ilin təşkilata üzv dövlətlər üçün innovasiya, “World Skills’’ hərəkatının təşviq və təbliği istiqamətinə həsr olunmasına qərar verilib.

      Qeyd edək ki, WSI təhsilverənləri, dövlət və özəl sektor nümayəndələrini bir çətir altında toplamağa və peşə ixtisasları vasitəsilə rifahın yüksəldilməsinə imkan verən, dünya üzrə peşə təhsili kvalifikasiyalarının, peşəkarlıq standartının artırılmasına xidmət edən  unikal bir platformadır. Ötən ay Azərbaycan sözügedən təşkilatın 85-ci üzvü seçilib.