Ötən həftə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Mətanət A” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Şirkətlə yaradılan əməkdaşlığın başlıca məqsədi “İnşaat” istiqaməti üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Əməkdaşlıq çərçivəsində Mərkəzdə müvafiq istiqamətlər üzrə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Mətanət A” şirkəti tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, şirkət ən son rəqəmsal texnologiyalarla təchiz olunmuş zavodlarında avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək inşaat məhsullarının istehsalı ilə məşğuldur. Belə ki, “Avtomatika” istiqaməti üzrə təhsil alan tələbələr şirkətin mühəndis heyətindən, eləcə də aparıcı mütəxəssislərindən avtomatlaşdırılmış avadanlıqların işləmə prinsipləri ilə əlaqəli məlumatları əldə etmək və təcrübə qazanmaq imkanına malik olacaqlar.
Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, onların istehsalat təlimi keçmələrinə şərait yaradılması, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların, qarşılıqlı maraq kəsb edən mövzularda seminarların, təlimlərin, tədris proqramları və layihələrin təşkil olunmasında tərəfdaş şirkət tərəfindən dəstəyin göstərilməsi nəzərdə tutulub.