Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi işəgötürənlərlə əməkdaşlıq çərçivəsini genişləndirməkdə davam edir. Ötən dövrdə Mərkəz ilə Audi markalı avtomobillərin rəsmi idxalçısı olan “Dream Auto” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların elmi-texniki potensialının gücləndirilməsi və eləcə də, qlobal bazarın tələblərinə uyğun ixtisaslı kadr hazırlığının həyata keçirilməsi əməkdaşlıq çərçivəsində seçilmiş əsas istiqamətlər sırasında yer almaqdadır.
Qeyd edək ki, birgə fəaliyyət planında əksini tapmış əsas əməkdaşlıq istiqamətləri arasında master-klasların, seminar və təlimlərin təşkili, tədris proqramdakı modullara dair rəylərin verilməsi, təcrübə proqramları zamanı müəyyən olunmuş istiqamət üzrə texniki şöbələrin və mentorların müəyyən edilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində baza biliklərinə yiyələndikdən sonra istehsalat təcrübəsinə cəlb olunacaq və qiymətləndirilmə zamanı yüksək nəticə göstərən təhsilalanların mövcud vakansiyalar üzrə işlə təmin olunma imkanı da nəzərdə tutulur.