İlk dəfə olaraq, 2020-2021-ci tədris ilində Respublikamızda fəaliyyət göstərən peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinin MİQ sistemi vasitəsi ilə həyata keçirilib. Artıq sözügedən proses başa çatmış və müsabiqənin yekunlarına əsasən Bakı, Gəncə, Sumqayıt şəhərləri və İsmayıllı, Quba, Sabirabad və digər rayonlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 53 müəllim işə qəbul olunub. Müxtəlif ixtisaslar üzrə qəbul edilən müəllimlərin 20-sinin nəticəsi 55 bal və daha yüksək olub.
Qeyd edək ki, MİQ vasitəsilə işə qəbul edilən ümumtəhsil fənn müəllimlərinin orta MİQ balı 51-ə bərabərdir. Uğurlu nəticə göstərmiş namizədlərin ortalama yaş göstəricisi isə 25 yaşdır. Ümumilikdə peşə təhsil müəssisələrinə MİQ vasitəsilə işə qəbul edilmiş ümumtəhsil fənn müəllimləri arasında ən yüksək MİQ göstəricisi 57 bala bərabər olmuşdur.
Statistik təhlillər göstərir ki, son illər peşə təhsili sistemində aparılan islahatlar bu pillədə tədrisi aparmaqda maraqlı olanların sayına bilavasitə müsbət təsir etməkdədir.