Azərbaycan nümayəndə heyəti “ ‘World Skills’ iqtisadi inkişafı dəstəkləyən bir vasitə” adlı vebinarda iştirak edib
09
10 2020
news image

        Ötən gün “World Skills” Rusiyanın təşkilatçılığı və BMT-nin İnkişaf proqramının (BMTİP) dəstəyi ilə “‘World Skills’ iqtisadi inkişaf üçün bir vasitə” adlı vebinar baş tutub. Tədbirdə MDB məkanında fəaliyyət göstərən BMTİP-in təmsilçilikləri, “World Skills” təşkilatına üzv dövlətlərin, eləcə də peşə təhsili sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

       Görüş zamanı “World Skills” təşkilatının yaratdığı imkanların insan kapitalının inkişafında, yeni texnologiyaların təşviqində və davamlı peşə təhsili sisteminin formalaşdırılmasında istifadəsi haqqında iştirak edən tərəflər təcrübə mübadiləsi aparıb. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və “World Skills International” təşkilatına Azərbaycanın rəsmi nümayəndəsi Pərviz Yusifov iştirakçılara Azərbaycanın peşə təhsili sistemi və “World Skills” çərçivəsində qarşıda duran hədəflər barədə məlumat verib.

       Qeyd edək ki, sözügedən təşkilat dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin Olimpiyadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması və beləliklə üzvlüyünün təsdiqlənməsi gözlənilir.