2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə sözügedən mərhələ zamanı ümumi 2091 müraciət daxil olub. Müraciətçilər arasında ümumtəhsil fənn və ixtisas müəllimləri vakansiyalarına maraq daha yüksək olub.
Elektron müraciət mərhələsi üzrə müsabiqə nəticələri 07 oktyabr 2020-ci il tarixinədək elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibəyə mərhələsinə dəvət barədə məlumatlar müraciətçinin şəxsi kabinet bölümündə yer alacaqdır. Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün 08-17 oktyabr tarixlərində müsahibə həyata keçiriləcək. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri haqqında həm şəxsi kabinet bölümü vasitəsilə, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcəkdir. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcəkdir. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaqdır. Qeyd edək ki, müsabiqədə ümumtəhsil fənn müəllimlərinin seçimi zamanı isə namizədin MİQ və diaqnostik balı əsas götürüləcəkdir. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcəkdir.
Məlumat üçün bildirək ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilmişdir.