Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılır. Komissiya, apelyasiya müraciətlərinə baxılması üçün 23-25 sentyabr tarixlərində fəaliyyət göstərəcək. Qeyd edək ki, apelyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər qatıla bilər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə müraciət edə bilməzlər.
22 sentyabr tarixindən etibarən müraciətçilər öz şəxsi kabinetlərində apelyasiya üçün vaxt götürə bilərlər. Bunun üçün vətəndaş şəxsi kabinetinə daxil olmalı, “Apelyasiyaya müraciət et” hissəsində görüş üçün vaxt götürməlidirlər. Görüş üçün vaxt yalnız 23-25 sentyabr tarixlərində seçilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, görüş vaxtı yarımsaatlıq intervalla bölünüb və hər bir intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyildir. Vətəndaş vaxt seçib təsdiqlədikdən sonra onun apelyasiya müraciəti təsdiqlənmiş hesab edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı şəxsi kabinetinə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apelyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaqdır.
Apelyasiyaya müraciət zamanı müraciətçilərin mütləq şəkildə əməl etməli olduğu qaydalar aşağıda yer almaqdadır.
- Şəxsi kabinetdən görüş tarixi seçilməlidir;
- Seçilən görüş intervalında vətəndaş komputer qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır;
- Görüşdə müraciətçi şəxsən iştirak etməlidir;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır;
- Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək;
- Müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur.
Məlumat üçün bildiririk ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 04-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilmişdir. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014 şəxs, ümumilikdə isə 14950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.