Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
15
09 2020
news image

Boş qalan yerlər üzrə peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunub. Həmçinin uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər  16 - 21 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Məlumat üçün bildiririk ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 04-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilmişdir. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014 şəxs, ümumilikdə isə 14950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.