10 sentyabr 2020-ci il tarixində “Cisco” şirkəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində görülən işlərlə əlaqəli tədbir keçirilib. Tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov və Mərkəzin mühəndis-pedaqoji heyəti iştirak edib.
Tədbir zamanı “Cisco” şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim olunub. “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirmiş, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanmışdırlar.
Görüşün açılış nitqini “Cisco” şirkətinin Ərazi biznes meneceri Fərid Zeynalov edib. O, “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında danışıb. Daha sonra Mərkəzin direktoru Rəşad Xanlarov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında çıxış edib.
Tədbir zamanı Fərid Zeynalov və Rəşad Xanlarov əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflərini bölüşüb. “Cisco Şəbəkə Akademiyası”-nın yeni məhsullarının təlimi, kurrikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsinin qarşıda duran hədəflərdən olması qeyd edilib.