Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi özəl sektorla qurduğu əməkdaşlıq şəbəkəsini genişləndirməyə davam edir. 2 sentyabr tarixində Mərkəzlə “İmprotex Motors” arasında anlaşma memorandumu imzalanıb.
BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “İmprotex Motors” görülən bütün işlərin yüksək standartlara cavab verməsi üçün mütəmadi olaraq işçilərin ixtisasartırılmasına sərmayə yatırır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şirkətlə olan əməkdaşlığının əsas məqsədi təhsilalanların ixtisaslı kadrlara çevirilməsinə dəstək verməkdir. Yeni tədris ilindən etibarən mütəmadi masterklass təlimlərin təşkil olunması, həmçinin təhsilalanların istehsalat təcrübəsinə cəlb edilməsi əməkdaşlığıın tərkib hissəsidir.
Memorandum çərçivəsində tərəflər eyni zamanda, məlumat mübadiləsi və məsləhətləşmələrin aparılması məqsədilə qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminar və ya digər birgə təlim proqramları üzərində işləyəcəklər. Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış bu şərait avtomobil ixtisası üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək vermiş olur.