Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanıldı.
04
09 2020
news image

          Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə 4 sentyabr tarixindən etibarən start verilir.

        II mərhələ daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə sənəd qəbulu 14 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

          Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaqdır. Bundan əlavə I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edən şəxslərin də II mərhələyə qatılmaq imkanı əldə edəcəklər.

      Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

       Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

         Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər.

          Məlumat üçün bildiririk ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilmişdir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27% artım müşahidə olunub.

        FAQ