Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb. Sözügedən şəxslər 2 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Sənəd qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilib.
Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona daxil olmaq icazəsi olmayanlar, qəbul olduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti olaraq təhsil müəssisəsinə elektron formada təqdim edə və ya yerləşdikləri əraziyə yaxın yerləşən digər peşə təhsil müəssisəsinə təqdim edə bilərlər.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər.