16-17 yanvar 2019-cu il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Peşə Tədris Mərkəzində rəhbər və mühəndis-pedaqoji heyətin, işəgötürənlərin, həmçinin təhsil prosesində iştirak edən digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib. Görüşdə təhsil mərkəzləri üçün hazırlanmış Strateji İnkişaf Planları müzakirə olunub və planda əks olunan prioritet istiqamətlər üzrə hədəfləri nəzərə alaraq, illik fəaliyyət planı razılaşdırılıb. Növbəti görüş 22 yanvar tarixində Qax Peşə Liseyində baş tutması planlaşdırılır.
Ötən il “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Qax Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzi üçün Strateji İnkişaf Planları hazırlanıb. Planların hazırlanması zamanı hər üç pilot peşə təhsili müəssisəsinin insan resursları, mövcud infrastrukturu, maddi-texniki bazası ilə yanaşı eləcə də, regionun xüsusiyyətləri və dövlətin iqtisadi inkişaf sənədlərində prioritet hesab edilən sahələr nəzərə alınıb. Strateji İnkişaf Planları pilot peşə təhsili müəssisələrinə müstəqil inkişaf yollarını müəyyən etməyə, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla büdcədənkənar maliyyələşməyə nail olmağa imkan yaradacaqdır.
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsil müəssisəsində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.