İsmayıllı Peşə Tədris Mərkəzi dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hazırlanan şərab markasını bazara çıxaracaq
16
01 2020
news image

         İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı Şərab-2 müəssisəsi (Chabiant Winery) arasında duala bənzər peşə təhsili və təliminin tətbiqi üzrə qurulmuş strateji əməkdaşlıq əlaqəsi öz töhvəsini verməkdədir. Tərəflər arasında ötən ilin fevral ayında əldə olunmuş razılaşmaya əsasən müəssisə tərəfindən tədris mərkəzi üçün ayrılmış 2 hektar üzüm sahəsindən tədris mərkəzi 8.4 ton məhsul (Saperavi, Rkatsiteli və Bayan Şira üzüm növləri) toplayıb.
        Üzüm sahəsi tələbələrin nəzəri biliklərinin birbaşa təsərrüfat sahəsində praktiki olaraq tətbiqinə imkan yaratmaq, tələbə və müəllim heyətini qabaqcıl təcrübəsi ilə tanış etmək və beləliklə üzümçülük və şərabçılıq üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərmək məqsədilə ayrılmışdır. Belə ki, ötən ilin fevral ayından etibarən üzüm sahəsinə qulluq işlərini, məhsul yığımını, emalını (şərabın hazırlanması) birbaşa “Üzüm və şərab ustası” ixtisas qrupunun tələbləri müəllimlərin və EDVET layihə tərəfindən cəlb olunmuş yerli və xarici mütəxəssislərin müşaiyəti ilə həyata keçiriblər.
        Hazırda istehsal olunmuş şərabın markalanması və qablaşdırılması üzrə işlər aparılmaqdadır. Bu ilin birinci rübü ərzində İsmayıllı Peşə Təhsil Mərkəzinin xüsusi əmtəə nişanı altında hazır şərabları satışa çıxaracağı planlaşdırılır.
        Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bununla da büdcədənkənar maliyyələşmə səviyyəsinin yüksəldilməsi peşə təhsilində prioritet hesab olunan hədəflərdən biridir. Dövlət peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına, maddi-texniki bazanın gücləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilərək, dövlətin bu sahədə yükünü azaldılmasına hədəflənib. Bundan əlavə, İsmayıllı Peşə Tədris Mərkəzi tərəfindən istehsal olunacaq son məhsul ölkədə peşə təhsilinin təşviqi və cəlbediciliyini artırmaq üçün ən yaxşı marketinq vasitəsi hesab oluna bilər.
        Qeyd olunan uğurlu təcrübə layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində də tətbiq olunmaqdadır. Belə ki, ötən ilin sentyabr ayında təhsil mərkəzində ilk dəfə olaraq “Üzüm və şərab ustası” ixtisas qrupunun açıldığını nəzərə alaraq Qəbələ Dövlət Peşə Təhsil ilə “ASPI Winery” (Savalan Wines) müəssisəsi arasında 2019-cu ilin dekabr ayında 2 hektar üçüm sahəsinin ayrılmasına dair razılıq əldə olunub. Tələbələr yanvar ayından etibarən hər iki sahədə budama işlərini həyata keçirəcəkləri nəzərdə tutulur.
        “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsil müəssisəsində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.