14 yanvar 2020-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində “KNAUF International GmbH” MMC Şirkətinin nümayəndələri ilə görüş baş tutub.
Görüşün keçirilməsində məqsəd qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması istiqamətində mexanizmin yaradılması, müvafiq ixtisaslar üzrə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yeni resurs mərkəzinin qurulması istiqamətində müzakirələrin aparılmasından ibarət olub. Qeyd edilən resurs mərkəzində cari ildən etibarən “Quru inşaat ustası” və “Rəngsaz və suvaq ustası” ixtisasları üzrə tədrisin təşkili, eləcə də yaşlılar üçün qısamüddətli təlimlərin keçirilməsi nəzərdə tutulub.
Görüş zamanı həmçinin Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Vətəndaşların qeyri-formal və informal təhsil üsulları ilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması” mexanizminin pilot olaraq tətbiqinin qeyd edilən resurs mərkəzində həyata keçirilməsi və qiymətləndirmənin beynəlxalq standartlar əsasında və KNAUF şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılmasına dair razılıq əldə edilib.
Dünyanın bir çox ölkələrində tətbiq edilən səriştələrin tanınması praktikasına pilot olaraq cari ilin fevral ayından başlanılması nəzərdə tutulur. Bu layihə vətəndaşlara formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdikləri bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması imkanını yaradacaqdır.
Sözügedən layihə Təhsil Nazirliyi ilə “KNAUF İnternational GmbH” şirkəti arasında bağlanılan niyyət protokolu əsasında həyata keçirilir.