Dekabrın 25-də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər Rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, tanınmış ictimaiyyət nümayəndələri, peşə təhsili mərkəzlərinin direktorları, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgər, kostyum ustası və dərzi , interyer və eksteryerin bədii tərtibatçı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı İmadəddin Nəsiminin qəzəllərində təcəssüm olunmuş ilahi yaranış, od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş olunub.
Tədbirin sonunda Təhsil nazirinin müavini İdris İsayev və digər qonaqlar çıxış edərək lisey tələbələrinin təqdim etdikləri bu kompozisiyadan məmnunluqlarını ifadə ediblər.