Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib
20
12 2019
news image

                      Sözügedən seminarlar tərəflər arasında təcrübə mübadiləsinə şərait yaradıb, “Microsoft” Şirkətinin təhsil fəaliyyətlərindən, təhsil sistemində istifadə olunan “Microsoft” məhsullarının səmərəliliyindən danışılıb, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təhsili inkişaf etdirmək məqsədilə tədris metodlarının təkmilləşdirilməsinin vacibliyi vurğularaq, Mərkəzin infrastrukturunun davamlı inkişaf etdirilməsi istiqamətində təkliflər dəyərləndirilib.

                     “Microsoft” Şirkətinin təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofiç sürətlə inkişaf edən dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək, yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb. O, “Microsoft”un Azərbaycan üzrə milli planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intelekt, həmçinin peşə təhsil imkanları və onların həlləri haqqında geniş məlumat verib, öz təcrübələrini bölüşüb.

                      Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” Şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov Azərbaycanda Microsoft Milli Planının əsas komponentlərindən biri təhsil müəssisələrində tədris fəaliyyətinin səmərəliliyini artırmaq və təhsil sistemini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb.

                       Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Direktorı Mərkəzin geniş texniki imkanlarını nəzərə alaraq, Microsoft şirkətinin tədrisdə müxtəlif həllərini tətbiq etmək məqsədi ilə xüsusi texniki poliqonun yaradılması imkanının mövcudluğunu qeyd edib. Mərkəzin nəzdində dördüncü sənaye inqilabının (“Sənaye 4.0”) texnologiyalarının tətbiq edilməsi istiqamətində zəruriyyət və tədris prosesinə inteqrasiya edilməsinin planlaşdırılması vurğulanıb.

                      Tədbirin sonunda “Microsoft” Şirkətinin nümayəndələri Mərkəzin emalatxana və dərs otaqlarında mövcud texniki imkanlar ilə əyani tanış olublar. Qeyd edək ki, tədbirin məqsədi əmək bazarının tələblərinə uyğun təhsildə yanaşmaları və alətləri nümayiş etdirmək və bu istiqamətdə Mərkəzlə əməkdaşlıq etməkdir.