Oğuz Peşə Məktəbinin direktoru barəsində vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol vermə üzrə cinayət işi başlanılıb
06
12 2019
news image

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

           Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

           Bu çərçivədə Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinov ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək talamış, həmin əməli ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrılmış təqaüd vəsaitinin şagirdlərin təhsilə marağını həvəsləndirmək, təminatlarını qarşılamaq, onların dərslərdə real iştirakını təmin etmək məqsədinə uyğun istifadə olunması və qarşıya qoyulan peşə nailiyyətlərinin təmin edilməsindən ibarət fəaliyyətini pozmaqla dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

           Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

           Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

           Hadisə ilə əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyi Oğuz Peşə Məktəbinin direktoru vəzifəsində çalışan Azər Nəcməddinov istintaq müddətində işdən kənar edilmişdir.

           Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.