5 dekabr 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin nəzdində təsis edilməkdə olan Məşvərət Şurasının görüşü baş tutub.
Görüş 40-dan artıq müəssisə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Dövlət Aqrar İnkişaf Mərkəzi, Turizm İnformasiya Agentliyi və Dövlət Məşğulluq Xidmətinin nümayəndələrinin aktiv iştirakı ilə keçirilib.
Məşvərət Şurası Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi ilə regionda fəaliyyət göstərən işəgötürənlər arasında əməkdaşlığın davamlılığını təmin etməyə xidmət edəcək, həmçinin peşə təhsili ilə əlaqəli bir çox məsələlərin həllinə töhfə verəcəkdir. Şuranın funksiyaları aşağıdakı kimi müəyyən edilib:
- Tədris planlarının Peşə Təhsil Mərkəzi ilə razılaşdırılması;
- Sənaye müəssisələrinin tələbə qəbulunda rolunun artırılması;
- Tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması;
- Karyera mərkəzlərinin yaradılması;
- Kurikulumlara baxılması və təkmilləşdirilməsi;
- Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində şirkət guşələrinin yaradılması.
4 sentyabr 2019-cu il tarixində keçirilən görüşdə Məşvərət Şurasının Əsasnaməsi işəgötürən şirkətlərlə razılaşdırılıb və Şuranın nəzdində daha bir neçə sənəd işlənib hazırlanıb. Hazırkı görüşdə isə Məşvərət Şuranın Əsasnaməsi, dual PTT təşkili haqda əsasnamənin təqdimatı keçirilib, dual əsaslı peşə təlimi müqaviləsi, eləcə də şirkət daxili təlimçilərin əsasnaməsinə baxılıb. Görüşdə iştirak edən nümayəndələr arasından səsvermə yolu Məşvərət Şurasının idarəedici komitəsinin üzvləri və rəhbəri seçilib.
Belə ki, sadalanan müəssisələr Məşvərət Şurasının üzvləri seçilib:
- Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi – dual PTT Mentorunun nümayəndəliyi ilə
- ASPİ Winery (Savalan)
- Gilan Diary Farm
- Gilan Aqrotexservis
- Qafqaz Karvansaray Hotel
- Qafqaz Resort Hotel
- Qafqaz Sport Hotel
- Turizm İnformasiya Agentliyi
- Dövlət Aqrar İnkişaf Mərkəzi
- Məşğulluq idarəsi
İdarə heyətinin üzvlərinin səsverməsi ilə kənd təsərrüfatı sektoru üzrə Gilan Dairy Farm müəssisəsinin təmsilçisi- müəssisənin direktoru Vüsal Abbasov, turizm sektorundan isə Qafqaz Karvansaray Otelinin təmsilçisi – müəssisənin direktoru Süleyman Məmmədov İdarə heyətinin sədri seçilib.
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın dual peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.