“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına uyğun olaraq, peşə təhsili müəssisələrində əmək bazarı və iqtisadiyyatın müxtəlif sektorlarının inkişafına dəstək vermək məqsədilə yeni ixtisaslar tədris olunur, kadr hazırlığı sahəsində dövlət və özəl sektor ilə əməkdaşlıq əlaqələri qurulur.
Lənkəran Peşə Liseyində 2019-2020-ci tədris ilindən açılan yeni ixtisaslardan biri - “Balıqartırma mütəxəssisi”dir. Peşə Liseyi bu sahədə kadr hazırlığını təkmilləşdirmək və yerli təcrübəni öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Xıllı Nərə Balıqartırma Zavodu və Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı ilə əməkdaşlıq edir.
Liseyinin “Balıqartırma mütəxəssisi” qrupunun tələbələri və müəllimləri Neftçalada yerləşən Nərə Balıqartıma Zavodunda olublar. Burada onlara balıqların mayalanması, yemlənməsi, artırılması istiqamətində praktiki təcrübələr nümayiş etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı ilə imzalanan əməkdaşlıq müqaviləsində müəssisədə liseyin tələbələri üçün istehsalat təcrübəsinin keçirilməsi nəzərdə tutulub.
Tələbələrin praktik biliklərinin artırılması üçün liseydə kiçik balıqartırma bazası yaradılıb.
Bu sahədə ixtisaslı kadr hazırlığı Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan yüksək məhsuldarlığı seçilən balıq təsərrüfatlarının yaradılmasına, yeni iş yerlərinin, gəlirlərin artmasına, ərzaq təhlükəsizliyinin məsələlərinin həllinə səbəb olacaqdır.