Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib
29
11 2019
news image

          29 noyabr 2019-cu ildə Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib.

          Görüşün keçirilməsində məqsəd  peşə təhsil müəssisələrinin fəaliyyəti, qarşılaşdıqları problemlərlə bağlı mütəmadi müzakirələrin aparılması və müvafiq qərarların qəbul olunmasıdır.

          Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov şura üzvlərini salamlamaqla Direktorlar Şurasının iclasını açıq elan edib. Agentliyin direktoru 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunan peşə təhsili müəssisələrinin əməkdaşlarını təbrik edərək Fəxri Fərman və döş nişanlarını sahiblərinə təqdim edib.

          İclasda iştirak edən peşə təhsili müəssisələrinin direktorları elektron sənəd qəbulu, publik hüquqi şəxs statusu, büdcədənkənar vəsaitlərin cəlb edilməsi, rəhbər və mühəndis- pedaqoji heyətin təlimlərə cəlb edilməsi kimi mövzulara toxunub, şuranın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb,  mövcud problemlər və onların həlli yollarını müzakirə ediblər.

          Xızı Peşə Məktəbinin direktor əvəzi, 10 nömrəli Sumqayıt Peşə Liseyinin tədris istehsalat işləri üzrə direktor müavini Gülşən Ömərova çıxış zamanı əsas diqqəti tələbə qəbulu prosesindəki problemlərə və növbəti tədris ili üzrə qarşıda duran əsas vəzifələrə yönləndirib.  Daha sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev yeni tədris planları, modul və kurikulumların tətbiqi barəsində təkliflər irəli sürüb.                                                                                            

          Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərən Direktorlar Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, peşə təhsili üzrə tətbiqi nəzərdə tutulan normativ hüquqi sənədlərin və təlimatların hazırlanması, səmərəli müzakirələrin təşkili və peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması kimi məqamları tənzimləyir.