22 noyabr 2019-cu il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tədbir keçirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən tədbir həmçinin Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə Mərkəz arasında anlaşma memorandumlarının imzalanmasına xidmət edib.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi direktoru Pərviz Yusifov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvləri, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı və Mərkəzin nümayəndələri iştirak ediblər.
Mərkəzin rəhbərliyi qonaqlara müəssisə haqqında ətraflı məlumat verərək aparılan islahatlar, Mərkəzin strateji inkişaf hədəfləri haqda danışıb. Qeyd olunub ki, Mərkəzdə tədris edilən nəzəri və praktiki dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə aparılır. Tədbir zamanı tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub və həmçinin tələbələrin təcrübə-istehsalat proqramları, istedadların aşkar edilməsi, müvafiq sahələrdə onların inkişafına şərait yaratmaq, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları və bu məqsədlərə nail olmaq üçün sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq Mərkəzin əsas hədəfləri sırasında yer aldığı vurğulanıb.
Görüşün sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər arasında yer alan “Sigma Technical Services”, “Suez”, “ALSTOM” kimi nüfuzlu Şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında 11 aprel 2014-cü il tarixində imzalanmış Kredit Sazişinə əsasən yenidən qurulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən, rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəzdə tədris prosesi Koreya Respublikasında təlim keçmiş gənc mütəxəssislər tərəfindən aparılır.