30 oktyabr Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində tədbir keçirilib.
Tədbirin məqsədi “Azərbaycan Respublikası peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin icra edilməsində aktiv iştirak edən könüllülərin fəaliyyətinin dəyərləndirilməsi, onlara sertifikatların təqdim olunması və tədbir iştirakçılarının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzi ilə tanışlığı idi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini Ceyran Məmmədli sənəd qəbulu mərhələsində göstərdikləri səylərə görə ASAN könüllülərinə təşəkkür edərək tədbiri açıq elan edib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək könüllülərin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra könüllülərə sertifikatlar təqdim olunub.
Tədbirin sonunda könüllülər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzi ilə tanış olublar.
Qeyd edə ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzi Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub, təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Tədris prosesində istifadə edilən kurrikulumlar koreyalı ekspertlər və həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.