Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisə daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir.
Bu istiqamətdə növbəti təlim 21 - 25 oktyabr tarixlərində "Sağmal inəklərin yemlənməsi" mövzusunda xarici ekspert tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Təlim nəzəri və praktiki hissədən ibarət olub. Nəzəri hissə günün birinci yarısı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissə isə günün ikinci yarısında Gilan Dairy Farms MMC-in heyvandarlıq təsərrüfatında keçirilib.
Qeyd edək ki, prosesinin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların özlərinin də gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi nəzərdə tutulub.
Təlimə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, “Heyvandarlıq mütəxəssisi” ixtisasının qabaqcıl tələbələri, AZZA Agro MMC, Kazımoğlu KFT MMC, Uğur MMC, Gilan Dairy Farms MMC-in müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri (fermerlər) qatılıblar.
Ümumilikdə 2019-cu il ərzində kənd təsərrüfatına dair aşağıdakı mövzularda təlimlər keçirilib:
- 4-7 mart tarixlərində "Kombayların istismarı və təmiri";
- 29 aprel - 3 may tarixlərində "Traktorların istismarı və təmiri";
- 1-5 iyun tarixlərində "Kotanların nizamlanması və istifadəsi";
- 30 sentyabr – 4 oktyabr tarixlərində "Kartof əkininin xüsusi istehsal texnikası".
- 14-17 oktyabr tarixlərində "Buğdanın becərilməsi üzrə nümayiş sahəsinin yaradılması".
Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı (Aİ) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.