25 oktyabr 2019-cu il tarixində “Səriştə əsaslı təhsil proqramlarının (kurikulumların) özəl sektorla müzakirəsi“nə dair seminar təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində işsiz və işaxtaran, o cümlədən yeni səriştələr qazanmaq istəyən vətəndaşların peşə təhsili müəssisələrində təlimləndirilməsi üçün yeni təlim proqramları (kurikulumların) təqdimatı həyata keçirilib. Təqdimatda iştirak edən işəgötürənlər və sahə üzrə mütəxəssislərin “Elektrik qaz qaynaqcısı”, ”Ofisant”, “Ərzaq malları satıcısı”, “Əməliyyatçı-mühasib”(1C), ”Komputer operatoru (MC Office)”, “Təmirçi- santexnik “, “Kombi təmirçisi”, “Elektrik montyoru”, “Paltaryuyan və qabyuyan ustası”, “Kondisoner təmirçisi” ixtisasları üzrə qısamüddətli kurslar üçün hazırlanan kurikulumlara dair rəy və təklifləri dinlənilib.
Tədbirdə işəgötürənlərin nümayəndələrinin təhsilalanların təlimləndirilməsində, eləcə də, onların bilik və bacarıqlarının qiymətləndirilməsində iştirakı imkanları müzakirə edilib, peşə təhsilinin işəgötürənlərə yaxınlaşması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar Avropa İttifaqınının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.