Lənkəranda “Peşə Akademiyası” layihəsi çərçivəsində tədbirlər keçirilib.
25
10 2019
news image

                Oktyabrın 24-də Lənkəran rayonunun Xanbulan kənd tam orta məktəbində “Peşə Akademiyası” layihəsinin ilk təqdimatı keçirilib. Tədbir Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi tədbirlər planına əsasən təşkil olunub.

                Layihənin məqsədi yeniyetmələr və gənclər arasında peşəyönümlü işlərin gücləndirilməsi, onlara əmək bazarında daha çox tələb olunan peşə ixtisasları haqqında məlumatların verilməsi və bu sahəyə marağın artırılmasından ibarətdir.

                Ümumilikdə 100-dən çox məktəblinin cəlb olunduğu tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və məktəbin müəllim pedaqoji heyəti iştirak edib.

               Tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin "Aşpaz", "Xalçaçılıq", "Bitkiçilik", "Fermer", "Qaynaq" və "Çilingər-santexnik" qruplarının əl işləri nümayiş etdirilib. Eyni zamanda, məktəblilərə çay toxumundan çay tinginin yetişdirilməsi nümyiş olunub.

               Sonda şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində “Qırmızı Kitab”a daxil olan Lənkəran (İpək) akasiyası əkilib.

               Qeyd edək ki, regionda gənclərin innovativ sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onların müstəqil şəkildə bizneslə məşğul olması və startap layihələrində iştirakını stimullaşdırmaq məqsədilə Lənkəran Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Peşə Təhsili Mərkəzi tərəfindən “Peşəkar” biznes klubu təsis olunub. Yaxın günlərdə ekspertlərin iştirakı ilə biznes klubun təqdimatının keçirilməsi nəzərdə tutulub.