Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 oktyabr 2019-cu il tarixində Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyətini qəbul edib. Mərkəzə səfər etmiş Koreya Respublikasının dövlət xadimləri arasında Cənubi Koreyanın keçmiş Ədliyyə Naziri, hazırda isə Koreya Xalq partiya nümayəndəsi olan Chun Jung – Bae da iştirak edib. Cənab Chun Jung – Bae ilə yanaşı, başqa dövlət partiya nümayəndələrindən olan Joon Hae – Yong və Kim Jae - Kyung və səfərdə iştirak edən milli assambleyanın digər üzvləri də Təhsil Mərkəzi ilə əyani olaraq tanış olublar.
Təşkil edilmiş görüşün məqsədi qonaqları Azərbaycanda Koreya Təhsil modeli əsasında yaradılmış, ən müasir maddi-texniki baza ilə təchiz olunmuş yeni pilot layihə ilə yaxından tanış etmək idi. Qonaqlar Təhsil mərkəzinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzə məxsus emalatxanalar və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak etdiblər.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunur.
Görüşdə Mərkəzin direktoru Rəşad Xanlarov koreyalı qonaqlara təhsil ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. Mərkəzin direktoru Rəşad Xanlarov onu da bildirib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioretitinə uyğun olaraq səkkiz istiqamətdə müəyyən edilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq etməkdədir.
Bununla yanaşı, qonaqlara mərkəzdə görülmüş işlər, mövcud və qarşıda duran prioritetlər haqqında ətraflı məlumat verilib.